Diaspor Gənclərinin VII Yay Düşərgəsi
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2026-cı il avqustun 2-dən 8-dək Diaspor Gənclərinin VII Yay Düşərgəsi keçiriləcək.
Diaspor Gənclərinin VII Yay Düşərgəsi, Azərbaycan Respublikası Prezidentinin 2026-cı ili “Şəhərsalma və memarlıq ili” elan etməsi haqqında Sərəncamına uyğun olaraq, Zəngilan rayonunda təşkil olunacaq.
Biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycan əsilli gəncləri, eləcə də Azərbaycanla dostluq əlaqələri olan digər xalqların nümayəndələrini bu yay düşərgəsində iştirak etməyə dəvət edirik.
Düşərgə proqramına Şərqi Zəngəzur və Qarabağın tarixi və mədəni abidələri ilə tanışlıq, şəhid ailələri, qəhrəman veteranlar və müxtəlif sahələrin mütəxəssisləri ilə görüşlər, həmçinin gənclər üçün əyləncəli proqramlar və intellektual oyunlar daxildir.
İştirakçılar Azərbaycanla əlaqələrini daha da möhkəmləndirəcək, ölkəmizi uğurla təmsil etmək üçün zəruri bacarıqlara yiyələnəcək, həmçinin yeni əlaqələr qurmaq və dostluq münasibətləri yaratmaq imkanı əldə edəcəklər.
İştirak üçün Azərbaycan dilini bilən 18-29 yaş arası gənclər müraciət edə bilərlər. Bütün iştirak xərcləri qarşılanacaq. Əvvəlki düşərgələrin iştirakçıları bu tədbirdə yenidən iştirak edə bilməzlər.
Gənclər 31 may 2026-cı il tarixinədək www.diaspor.gov.az/qeydiyyat keçidi vasitəsilə onlayn müraciət formasını doldurub təqdim etməlidirlər. Seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və video-müsahibələr – həyata keçiriləcək.
Namizədlərə qeydiyyat, proqram təfərrüatları və iştirakçıların seçimi prosesi ilə bağlı ətraflı məlumat əldə etmək üçün www.diaspor.gov.az saytını mütəmadi olaraq izləmələri tövsiyə olunur.
Əlavə məlumat üçün əlaqə saxlaya bilərsiniz:
E-mail: youthcamp@diaspora.gov.az
Tel.: +994 12 493 10 54
Mob.: WhatsApp: +99451 867 36 02

